PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

Molla Pənah Vaqif məqbərəsinin Şuşanın azad olmasından sonra yenidən açılışı

  susa033.jpg

   1982-ci ilin yanvarında ulu öndər Heydər Əliyev tərəfindən açılan “Molla Pənah Vaqif məqbərəsi uzun illər vaqifsevərlərin ziyarət yeri olmuş və burada “Vaqif poeziya  günləri”  keçirilmişdir. Təəssüf ki, 1992-ci ildə Şuşa işğal olunduqdan sonra bu memarlıq abidəsi də mənfur ermənilər tərəfindən dağıdılmışdı.  2020- ci ilin payızındakı 44 günlük vətən müharibəsindən sonra oktyabrın 8-də Şuşa da azad olunmuş, Vaqifin məqbərəsi də işğaldan  qurtarmışdır. Ötən qısa müddət  ərzində M.P.Vaqif məqbərəsi H. Əliyev fondu tərəfindən yüksək səviyyədə bərpa olunmuşdur. 2021-ci il avqust ayının 29-da  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva bərpa olunmuş məqbərəni açmışlar. Avqustun 30 və 31-də isə məqbərə önündə Vaqif poeziya günləri keçirilmişdir Prezident İlham Əliyevin giriş sözü ilə açılan mərasində tanınmış ziyalılar, şair və yazıçılar iştirak etmişlər.

   WhatsApp Image 2021-09-01 at 15.35.10.jpeg    Azərbaycan Aşıqlar Birliyinin sədri Əməkdar elm xadimi,professor Məhərrəm Qasımlı da mərasim iştirakçıları arasında olmuşdur.

P.S. Məhərrəm Qasımlı Şuşada olarkən  Orxan Paşa təxəllüsü ilə “Gəlmişəm, Şuşam, gəlmişəm” adlı şeir yazmışdır. Həmin şeiri də oxuculara təqdim edirik.

 

 

                           Orxan Paşa

Gəlmişəm, Şuşam, gəlmişəm

Dağıt başından dumanı,
Gəlmişəm, Şuşam, gəlmişəm.
Qalmasın ahın-amanın,
Gəlmişəm, Şuşam, gəlmişəm.

Top-tüfəngim, yarağımla,
Hesab çəkmişəm yağımla.
Ay-ulduzlu bayrağımla
Gəlmişəm, Şuşam, gəlmişəm.

Salam olsun ordumuza,
Qurur verdi yurdumuza.
Qalamıza-burcumuza
Gəlmişəm, Şuşam, gəlmişəm.

Yolu açdı igidlərim,
Qazilərim, şəhidlərim,
Ər oğlu mücahidlərim-
Gəlmişəm, Şuşam, gəlmişəm.

“Allah əkbər” sədasıyla,
“Can Qarabağ” nidasıyla.
Koroğlunun havasıyla
Gəlmişəm, Şuşam, gəlmişəm.

Haqq-tala itaətinə,
Pir-ocaq ibadətinə.
Vaqifin ziyarətinə
Gəlmişəm Şuşam, gəlmişəm.

Qarabağ bizim yerimiz,
Meydandayıq hər birimiz.
Baş komandan öndərimiz,
Gəlmişəm, Şuşam, gəlmişəm,
Gəlmişik, Şuşam, gəlmişik.

28-29 avqust 2021
                      Şuşa