PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNDƏ YENİ DASTANLAR SƏHNƏYƏ HAZIRLANIR

Azərbaycan  Aşıqlar Birliyində yeni dastanların səhnəyə hazırlanması layihəsinə start verilib. Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə ilk olaraq bu ölməz şairin “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış eyniadlı dastanın səhnələşdirilməsi nəzərdə tutulur.

 AzTV, Azərbaycan Aşıqlar Birliyinin və Heydər Əliyev Sarayının birlikdə həyata keçirdikləri layihə çərçivəsində dastanı respublikamızın tanınmış aşıqlarından Əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Kəmalə Qubadlı, Əli Tapdıqoğlu və Elman Talıstanlı söyləyəcəklər. Leyli obrazında gənc istedadlı aşıq Məhsəti Cabbarlı, Məcnun rolunda isə Şəhriyar Qaraxanlı çıxış edəcəklər.

Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə hazırlanan “Aşıq Ələsgərlə Şeyx Qaranın görüşü” dastanı aşıq Arif Salmanoğlunun, “Qəmkeş Allahverdinin Aşıq Şəmşirlə görüşü” dastanı isə aşıqlardan Fəxri mədəniyyət işçisi Nizami Şirinov və Təbriz Axundovun ifasında təqdim olunacaq.

Elman Talıstanlı və Babək Şakirlinin ifasında isə “Ordubadlı Kərəm” dastanının geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur.