Bu il XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq və şair Mikayıl Azaflının anadan olmasının 100 illiyi tamam olur. Ustadın yubileyinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən yüksək səviyyədə qeyd olunması gözlənilir. Bu münasibətlə AAB-də ayrıca tədbirlər planı hazırlanıb.
Ötən ilin son günlərində Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun yeni sayı – 2023-cü ildəki ikinci buraxılışı işıq üzü görüb. Toplu Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibəti ilə Mədəniyyət nazirliyinin təbrik məktubu və yubilyarla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri ilə açılır.
Son illərdə bir-birindən maraqlı layihələr həyata keçirən Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Gənc aşıqlarla bağlı olan bu layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yeniyetmə və gənclər arasında aşıq sənətinə marağı gücləndirmək və dəstək olmaqdır. Bu məqsədlə aşıq sənətinin daha güclü inkişaf etdiyi ayrı-ayrı bölgələrdən olan gənc aşıqlarla ayrıca iş aparılır, ustad aşıqların onlarla görüşləri təşkil olunur, sənətin incəliklərini daha dərindən mənimsəmələrinə yardım göstərilir. Bu gənclərin arasından gələcəyinə daha çox ümid bəslənilənlərə isə xüsusi diqqət yetirilir, onların televiziya verilişlərində çıxış etmələrinə şərait yaradılır.
Bu günlərdə Təbrizdən gəlmiş bir qrup aşıq Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Son illərdə dünyanı ağuşuna almış pandemiya səbəbindən Azərbaycana gələ bilməyən cənublu aşıq qardaşlarımızın bu gəlişi əsl saz-söz bayramına çevrilib. Qonaqları salamlayan Azərbayacan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Cənubi Azərbaycandakı aşıqlarla AAB-nin daim sıx əlaqə saxladığını diqqətə çatdırıb, bu əlaqələrin yenidən əvvəlki qaydada davam edəcəyinə inamını ifadə edib.
Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihə uğurla başa çatdırılıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanıb.
Qazaxıstan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türküstan kafedrasının professoru Amantay Şəriflə Azərbaycan Aşıqlar Birliyində görüş olub. Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ilə olan səmimi görüşdə əsasən Türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan söhbət açılıb. Ayrı-ayrı türk xalqlarında müxtəlif cür adlansa da (aşıq, baxşı, akın, jırav və s.) bu sənətin, əslində, eyni kökə bağlılığı vurğulanıb, həm tədqiqatçıların, həm də sənətkarların yaradıcılıq əlaqələrinin genişləndirilməsinin vacibliyi diqqət önünə gətirilib.
Bu il böyük saz-söz ustadı Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi tamam olur. Ustadın yubileyinin geniş şəkildə qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyində ayrıca tədbirlər planı hazırlanıb. Artıq yubiley tədbirlərinə strat verilib. Azərbaycan Aşıqalr Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə Mikayıl Azaflıya həsr olunacaq. Yaxın günlərdə efirə gedəcək verilişdə çıxış edən aşıqlar – Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Nəbi Nağıyev, Nazim Bahadıroğlu, Nizami Cəlaloğlu, Roman Azaflı, Şahniyar Əliyev, Elməddin Məmmədli, Əli Pənahoğlu, Vüqar Şəmkirli, İlham Məmmədli, Ruslan İbrahimoğlu və “Çeşmə” folklor qrupunun üzvləri ustad sənətkarın sözlərini və bəstələdiyi aşıq havalarını ifa edəcəklər.
2023-cü il noyabrın 30-da Şirvan aşıq mühitinin tanınmış nümayəndəsi, ustad aşıq Cavid Əmiraslanov Azərbaycan Aşıqlar Birliyinin qonağı olub.
2023-cü il noyabrın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə görkəmli saz-söz ustadı aşıq Hüseyn Bozalqanlının anadan olmasının 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Giriş sözü ilə tədbiri açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Hüseyn Bozalqanlının keçdiyi ömür yolundan və ustad sənətkar kimi yaradıcı fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Hüseyn Bozalqanlı 1863-cü ildə Tovuzun Bozalqanlı kəndində anadan olub, mədrəsədə təhsil aldığından ərəb və fars dillərini mükəmməl bilib. Kiçik yaşlarından saza-sözə bağlanıb, 12 yaşından həm də şeir yazmağa başlayıb. Azərbaycan aşıqlarının I və II Qurultaylarında mötəbər qonaq kimi iştirak edib. Xalq şairi Səməd Vurğunun zəmanəti ilə Azərbatycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Məşhur aşıqlar – Mirzə Bayramov, Qədir İsmayılov, Vəli Bozalqanlı, Ələkbər Əsgərov və digərləri onun şəyirdi olublar. Bu gün Tovuzda fəaliyyət göstərən Aşıq Muzeyi uzun illərdir ki, bu böyük sənətkarın adını daşıyır. Hüseyn Bozalqanlı 1941-ci ildə Tovuzda vəfat edib.
Azərbaycan Aşıqlar Birliyində yeni layihəyə start verilib. Son illərdə aşıq sənətinə və ədəbiyyatına dair bir sıra uğurlu nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə dastanlarımıza müraciət etmək qərara alınıb.
Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin və Gəncə-Daşkəsən regional mədəniyyət mərkəzi Goranboy rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə tanınmış el sənətkarı Şair Səfərin – Səfər Həsənovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanlıyam, Azər səsiyəm...” adli ədəbi-bədii gecə keçirilib. Tədbirdə respublikanın ədəbi mühitini təmsil edən tanınmış simalar, aşıqlar, həmçinin mərhum şairi yaxından tanımış şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə gecənin aparıcısı Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin sədr müavini Elnur Baxış açıb. Qeyd olunub ki, Şair Səfər daim öz yaradıcılıq ənənəsinə sadiq qalan sənətkar olub.
Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur.
