AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ
GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR
Featured

GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ VERİLİŞ HAZIRLANIR

16.01.2025

Hər il olduğu kimi, bu il də Azərbaycan Aşıqlar Birliyində Gənclər günü münasibəti ilə bir sıra tədbirlər nəzərdə tutulur. Bunlardan biri də AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftə  “Mədəniyyət” kanalında efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə gənclərə həsr olunmasıdır. Gənclər günü ərəfəsində yayımlanacaq həmin verilişdə “Qarabağ”, “Cəngi”, “Şirvan” və “Səda” sazçı folklor qrupları ilə yanaşı gənc aşıqlardan Vüqar Sadıqov, Zamin Sərdaroğlu, Məhəmməd Quliyev, Xəyal İbrahimov və Əli Əsgərlinin ifasında müxtəlif aşıq havaları təqdim olunacaq.

Featured

Molla Cuma - 170

25.11.2024

MOLLA CUMANIN İSMİ-PÜNHANI KİMDİR?!

Dad, qazılar, Yusif kimi zindanda əgləşmişəm,

Bülbül misal bağ içində əfqanda əgləşmişəm.

Yəqin bilin, mən olmuşam Məcnun kimi didərgin,

Kərəm kimi yanıb-yanıb dumanda əgləşmişəm.

Aşıq poeziyası yarandığı vaxtdan etibarən yeknəsəq və ya monoton olmamış, daim dinamik inkişaf prosesi keçirərək çeşidli şeir şəkillərində və biçimlərdə meydana çıxmaqla daha da zənginləşmiş və yeni-yeni janr keyfiyyətləri qazanmışdır. Bütün bunlar isə yaradıcı-ustad aşıqlarımızın bu istiqamətdəki peşəkar fəaliyyətlərinin, istedad və bacarıqlarının, ekspromt və improvizələrinin nəticəsində baş vermişdir. Azərbaycan aşıq poeziyasının inkişaf və zənginləşməsində xüsusi xidmətlər göstərmiş yaradıcı-ustad sənətkarlarımızdan biri də Molla Cuma (Cuma Salah oğlu Orucov) olmuşdur. Onun 1854/1855 və 1858/1859 kimi müxtəlif təvəllüd tarixləri vardır. Bizim qənaətimizə görə,  ustad sənətkarın ömür yolu 1858/59-1920-ci illər arasını çevrələyir.

Molla Cumanın poetik irsi geniş mövzu və janr əhatəsinə malik olub, aşıq şeirinin çeşidli şəkillərini çevrələyir. Forma və məzmun baxımından olduqca maraqlı və rəngarəng olan bu örnəklər Molla Cumanın bir ömür boyunca rastlaşdığı məqamların, həyati müşahidələrinin, başına gələn hadisə-əhvalatların, ruhi-psixoloji yaşantılarının, insan və dünya, yaşam və ölüm... müstəvisində düşüncələrinin... bədii inikası kimi ortaya çıxmışdır ki, bunların da böyük bir hissəsi aşığın həyatında dərin və əbədi iz qoyan nakam sevgi hekayətilə bağlı olub, məhəbbət və ayrılıqdan doğan hissləri ifadə edir:

 

İsmi-Pünhan, həsrətindən ağlaram,

Fələk də yaşıma qan qatar indi.

Dərdimi cəm edib, dəftər bağlaram,

Onun hesabına kim çatar indi?!

Molla Cumanın sevdiyi, lakin qovuşa bilmədiyi, el içində faş etməmək üçün həqiqi adını gizli saxlayıb rəmzi-simvolik olaraq “İsmi-Pünhan” adlandırdığı sevgilisi və aşığın nakam sevgi hekayətilə bağlı nünunələr silsilə şəklində şeir və rəvayətlərdən ibarətdir. Aşığın həyatının unudulmaz bir hissəsinə çevrilən İsmi-Pünhan onun yaradıcılığında da aparıcı mövzu olmuşdur.

Cuma hələ çox gənc yaşlarında ikən hörmətli və dindar ailədən olan bir qıza aşiq olur. Lakin atası qızını zorla başqa birisinə ərə verir. Qarlı-çovğunlu bir gündə gəlin köçən sevgilisinə gizli-gizli baxıb için-için ayrılıq atəşində qovrulan aşıq “Geri dön” şeirində məhz bu hadisədən bəhs edir.

Yeri gəlmişkən, qeyd edək ki, İsmi-Pünhanın atası Cumanın təhsil aldığı mədrəsənin sahibi olmuş və çox güman ki, ona Quran elmlərindən dərs demişdir.

Könül həmdəmindən ayrı düşmək onu unuda bilməyən Cumanın yaradıcılığına da təsir edir, vüsal həsrətli şeirlərinə, təbii olaraq, ayrılıq, hicran və kədər motivləri gətirir:

İsmi-Pünhan, bir dağ çəkdin sinəmə,

Dünya üçün əmanətə saxlaram.

Zənn eyləmə, nagah ölsə, unudar,

Xak altında yata-yata saxlaram.

Cuma sevdiyinin adını hamıdan gizlətsə də, sevgisini gizlədə bilmir, bu sevgiyə çoxlu şeirlər həsr edir, lakin heç birində onun adını söyləmir. “Bu aşkar sirrimi pünhan eylədim, // Dedilər: danışsan, dedim: demərəm”; “Bir məhbub gözəlin ismin çaşırdım” (çaşdırdım mənasındadır – A.X.); “Xalq içində adın ana bilmirəm”; “Dedim ki, ismini pünhan eylədim”; “Cümlətan sirrimi nihan eylədim”; “Adını demərəm, İsmi-Pünhandı”, – deyərək elə şeirlərində də onu rəmzi-simvolik şəkildə “İsmi-Pünhan” adlandırır.

Aralarında olan əhd-peymanı gizli saxlamaq, kimliyini aşkar etməmək Cuma ilə yanaşı, İsmi-Pünhan üçün də keçərlidir. Aşıq şeirlərində ona bunu dönə-dönə xatırladır:

Ey cavan, mən sana aşiq olmağı,

Bir mən bilim, bir də sən bil, bir Allah.

Sən məhbub da mənə aşiq olmağı,

Bir mən bilim, bir də sən bil, bir Allah.

Yaxud:

Cuma deyər, hər yetənə sirr vermə,

Dost mehriban ya bir olar, ya iki.

İsmi-Pünhan gənc yaşlarında dünyadan köçmüşdür. Onun ölümü Molla Cumaya daha ağır zərbə olmuşdur. İsmi-Pünhanın ölüm xəbərini eşidən aşıq öz hisslərini “Hayıf oldu” qoşmasında ifadə etmişdir:

İsmi-Pünhan köçdü fani dünyadan,

Qarışdı torpağa, göz hayıf oldu.

Xudanın tədbiri beləymiş bizə,

Soldu yanaqları, üz hayıf oldu...

 

Bu yazıq Cumanın dönübdü baxtı,

Əsdi əcəl yeli, sərvimi yıxdı.

Dedim ki, şad ollam bu bahar vaxtı,

Töküldü burnumdan, yaz hayıf oldu.

 

Cuma dözə bilməyib İsmi-Pünhanın evinə gedir və həyətə daxil olarkən sevgilisinin kəfənlənib cənazə namazına gətirildiyini görür. Aşığın “Sevdiyin üstündə ağlar bəzənir” qoşması da bu hadisə ilə bağlı yaranır:

Gedibən zimistan, bahar yetişdi,

Abi-leysan yağıb, dağlar bəzənir.

Bülbülün canına qəhər ilişdi,

Açılıb qönçələr, bağlar bəzənir.

                                                     

Əcəl piyalədən dolanda camlar,

Qırılsa məhəbbət, yavaşar xamlar.

Odlanıb qəndillər, yananda şamlar,

Alışır pərvanə, yağlar bəzənir.

 

Bilmirəm neylədim qadir Xudama,

Salıbdır hicrana, böylə sitama.

Ah çəkibən ağla, ay Molla Cuma,

Sevdiyin üstündə ağlar bəzənir.

Molla Cuma İsmi-Pünhanın dəfnində də iştirak edir. Dəfndən sonra qəbristanlıqda tək qalan Cuma sevgilisinin məzarı üstündə gözyaşları içində bir neçə şeir, o cümlədən “Sənsiz” qoşmasını deyir:

İsmi-Pünhan, ərəsətin günündə,

Ol hesab-kitaba düşmərəm sənsiz.

Yolunu gözlərəm Sirat üstündə,

Bir qədəm irəli keçmərəm sənsiz...

Molla Cuma –

                        

Ey fələk, indən belə

Yar bu məzarda qalacaqmı?

Pərişan tökülübən                                            

Zülfü üzərdə qalacaqmı? –

şeirini də İsmi-Pünhanın məzarı başında söyləmişdir. Maddi dünyada sevdiyinə qovuşa bilməyən aşıq “Ey fələk, eşitmədin // Bizim çəkən ahımızı. // Tapışdır xak altında // Nigaranlı ruhumuzu”, – deyə dua edir.

İsmi-Pünhanın ölümündən sonra Cumanın kədəri daha da artır, sevdiyindən ayrı düşdüyü üçün onsuz da taleyindən küskün olan aşıq bu hadisədən sonra daha da sarsılır. Cuma çəkdiyi acıların baiskarı kimi, aşığa qarşı rəhmsiz və insafsız olan dünyanı günahlandırır, “Puç imiş axırın, yalansan, yalan”, – deyib dünya ilə cəngə girərək onu sorğu-suala tutur:

Ey dünya, Cumaya çox etdin sitəm,

Nə tay-tuş qalmadı, nə anam-atam.

Könül əyləncəsi, istəkli butam,                                  

Ol İsmi-Pünhanı neylədin, dünya?         

Yaxud:

                   

Ey dünya, namərdsən, mərd olmaz səndən,

Yazığam, amandır, əl götür məndən.                                        

 

Cuma İsmi-Pünhanın ölümündən sonra dünyanın faniliyini sanki bir daha dərk edir. Yaşı bilinməyən, Əzraillə əlbir olub heç kimi özündə baqi qoymayan bu vəfasız, məkrli və fitnəkar dünyanın ədalətsizliyini qəbul edə bilməyən aşıq dünyaya bir gün onun özünü də Qiyamət əzabı gözlədiyini xatırladır.

Cuma şeirlərində İsmi-Pünhanı sevdiyi və onun vəfat etdiyi ili də hicri-qəməri təqvimlə maddeyi-tarix olaraq göstərmişdir:

Molla Cuma çəkər dost intizarı,

Olubdur dünyada Qeys barabarı.

Min iki yüz doxsanda sevmişdim yarı,

Min üç yüz onda da əlimdən getdi.

                                                                                                       

Molla Cumanın yaradıcılığının aparıcı xətti olan İsmi-Pünhan mövzusu aşığın tərcümeyi-halının bir hissəsi kimi xüsusi diqqət tələb edir. Qeyd edək ki, həm rəvayətlərdə, həm də Cuma ilə bağlı ayrı-ayrı yazılarda İsmi-Pünhanın kimliyi haqqında müxtəlif fikirlər mövcuddur. Məsələn, İsmi-Pünhanın Şəkinin Layisqi, Göynük, Şabalıdlı, yaxud Qaxın Marsan kəndindən olduğu söylənilir.

 Molla Cumanın poetik irsini diqqətlə izlədikdə görürük ki, İsmi-Pünhan Şəkinin Göynük kəndindən olmuşdur:

Fələk məni döndəribdi Məcnuna,

İnsan da dözərmi belə zuluma.

Göynüyün ətrafın bu Molla Cuma,     

Hər gündə dörd yolla ziyarət eylər.  

Şeirlərinin birində “Cuma ölüb, tapılmasa meyidi, // İsmi-Pünhan obasını axtarın” söyləyən aşıq sevgilisini uzaqdan da olsa, bircə dəfə görmək ümidilə tez-tez Layisqidən Göynüyə getmişdir. Yuxarıdakı nümunədə də bu kontekstdə aşığın aşkar etirafını görürük.

Molla Cuma da digər aşıqlar kimi, gördüyü, tanıdığı gözəlləri tərif edən şeirlər düzüb-qoşmuşdur. Bu şeirlərdə həmin gözəllərin adları iki şəkildə – aşkar və gizli, mücərrəd-işarəvi olaraq verilmişdir. Ərəb-fars hərflərindən istifadə ilə yaradılan ikinci üsulda söz onun əsas sütununu təşkil edən hərflərlə işarəvi şəkildə təqdim olunur. Məsələn, “İsmini söylərəm, “fe”, “te”, “mim”inən”; “İsmini söylərəm “qaf”i “ze”yinən, // “Ye”yinən, “te”yinən, bir də “re”yinən”; “Unutmam adını, yazıram, axtar, // İki “mim”, “re” ilə “ye” üstə, dilbər”; “İsmini aşikar söyləməz dillər, // “Sin”, “lam”, “mim”inən “te”yə bağlıdır” və s. Ümumiyyətlə, bu üsul aşıq poeziyası üçün səciyyəvi olub, hansısa sözü müəyyən qədər gizli saxlayaraq onu tam bəlli etməmək, şeirin maraqlılığını artırmaq və başqa bu kimi məqsədlərlə istifadə olunmuşdur. Ərəb-fars dillərini yaxşı bilməyindəndir ki, Molla Cumanın şeirlərində bu üsulla yaradılmış söz və adlara daha çox rast gəlirik. Bəs, bu gizli-işarəvi şəkildə verilən adlar arasında aşığın sevgilisinin adı varmı? Cuma eldən gizlətdiyi və rəmzi-simvolik olaraq “İsmi-Pünhan” kimi bəhs etdiyi sevgilisinin əsl adı ilə bağlı öz yaradıcılığında doğrudanmı heç bir nişanə qoymamışdır?

Molla Cumanın bu qədər sevdiyi insanın kimliyi, xüsusilə də adı ilə bağlı şeirlərində heç bir işarə verməməsi mümkünsüzdür! Aşığın əlimizdə olan poetik irsi üzərində bu istiqamətdə apardığımız maraqlı və bir o qədər də çətin araşdırma nəticəsində diqqəti çəkən bəzi məqamlara rast gəldik. Bunlardan biri aşığın bir neçə şeirində işlətdiyi “dörd hərf” və “dörd hərfli” sözləridir: “Molla Cuma eşqdə sərgərdan qalmış, // Dörd hərf ismini əzbərə almış”; “Dərdimin dərmanı dörd hərf oldu”; “Öldürən Cumanı dörd hərf oldu”; “Ey dörd hərfli, salamımı qəbul et”; “Ey dörd hərfli, qıl təvəkkül bu işi” və s. Aşığın hətta “Dörd hərf oldu” rədifli ayrıca qoşması da var. Buradan belə nəticəyə gəlinir ki, İsmi-Pünhanın əsl adı dörd hərfdən ibarət olmuş, yaxud dörd hərflə şifrələnmişdir. Bəs, bu hərflər hansılardır? Sualın cavabını yenə də Molla Cumanın öz şeirlərində axtarmaq lazımdır. Öncə “Dörd hərf oldu” qoşmasına nəzər yetirək:

 

Əvvəlinci, getdim ustad yanına,

Oxudum surəni, dörd hərf oldu.

Bir gözəlin eşqi düşdü sərimə,

Soruşdum ismini, dörd hərf oldu.           

Burada ismi dörd hərfdən ibarət olan bir gözəli sevdiyini söyləyən Cuma sonrakı dörd bənddə həmin hərflərin “sin”, “re”, “te” və “mim” olduğunu diqqətə çatdırır. Hər bir bəndin sonunda isə dörd hərf faktorunu təkrarən vurğulayır. Başqa bir qoşmasında isə aşıq bu sıralamanı “sin”, “te”, “mim”, “re” kimi təqdim edir:

Cumayam, mətləbim “sin”inən “te”di,

İkinci bir “mim”di, üçüncü “re”di.        

Digər bir şeirində isə Molla Cuma sözügedən hərfləri “te”, “sin”, “re”, “mim” şəklində sıralayır və rədifləri də elə bu hərflər üzərində qurur:

Ol xudadan aşna olam “te”, “sin”, “re”, “mim”inən,

Qəvvas təki bəhrə dolam “te”, “sin”, “re”, “mim”inən...

Nola bircə mətləb alam “te”, “sin”, “re”, “mim”inən...

Mən istərəm baqi qalam “te”, “sin”, “re”, “mim”inən.

                                                                                   

Yaxud:

“Te”, “sin”, “re”, “mim” üstündə

Sübhi-şam ismin oxurdum.

Diqqətlə izlədikdə görürük ki, Molla Cuma ayrı-ayrı şeirlərində bu dörd hərfin adını çəkir, lakin dəyişik formalarda: “Sin”, “re”, “te”, “mim”; “Sin”, “te”, “mim”, “re”; “Te”, “sin”, “re”, “mim” və s. Deməli, burada bir müəmma, gizli manera var və bu müəmmanın, gizlinlərin izahını tapmaq üçün yenə də məhz Cumanın öz yaradıcılığına müraciət etmək lazımdır. Aşıq şeirlərindən birində “Bir “mim” hərfi dilə düşüb // “Te”ni, “re”ni “sin” oxuyub” misralarında maraqlı manera ilə həm sözügedən hərflərin adlarını hallandırır, həm də bu hərflərin yerini tərs söylədiyini vurğulayır. “Qafiyə və Təcnis” (Burada adlar şərtidir. Qafiyə Cumaya, Təcnis isə İsmi-Pünhana işarədir.) deyişməsində isə aşıq bunu daha aydın şəkildə diqqətə çatdırır. Deyişmənin sonunda ““Te”, “sin”, “re”, “mim” həsrətini çəkməkdən, // Cuma dönüb bir mismara, deyərsən”, – söyləyən aşıq əvvəldə dediyi –

Eşqin kitabından almışam dərsi,

Söylə sən avandı, söyləmə tərsi –

 

misralarında dolayısı ilə bu hərflərin tərsinə yazıldığına və onun bu şəkildə deyil, çevirərək düzgün şəkildə söylənilməsi gərəkdiyinə işarə edir. Deyişmədə “Ey dörd hərfli, qan sözümü müxtəsər, // Şüurun varsa, bəsdir sənə bu əsər” misraları da məhz bu məqamlara işarə ilə deyilmişdir. Buradan belə aydın olur ki, aşıq İsmi-Pünhanın əsl adının sütun-özül hərflərini nişan vermiş, lakin adın tam aşkar olunmaması üçün onları çaşdırıcı və mücərrəd maneralarla təqdim etmişdir. Molla Cuma bizə məlum olan yalnız bircə şeirində sevgilisinin adını bəlləndirən hərfləri düzgün sıralama ilə söyləmişdir. Lakin fikirləri dolaşdırmaq üçün bu dəfə də İsmi-Pünhanla sual-cavab priyomundan istifadə etmişdir:

İsmi-Pünhan sordu: sevdiyin kimdi?

Dedim ki, “mim”, “re”, “sin” ilə “te”di.

Dedi: ol filankəs məndən gözəldi?

Dedim: təəssüf etmə, bekarə şeydi.        

 

Beləliklə, xüsusi həssaslıq tələb edən bu kontekstdəki araşdırmamız onu göstərir ki, Molla Cumanın poeziyasında sözügedən üsulla yaradılmış bir neçə qadın adı mövcud olsa da, İsmi-Pünhanın indiyə qədər müəmmalı qalan əsl adı məhz “Sin”, “re”, “te”, “mim”; “Sin”, “mim”, “re”, “te”; “Te”, “sin”, “re”, “mim”... şəkillərində şifrələnən, sütun-özül hərflərinin doğru sıralanması isə “Mim”, “re”, “sin”, “te” şəklində olan Mürəstə olmuşdur. Gördüyümüz kimi, Molla Cuma şeirlərində isminin hərfi könlünün əzbəri olan sevgilisinin əsl adını da gizli, mücərrəd-işarəvi üsulla əbədiləşdirmişdir.

İsmi-Pünhanı butası kimi qəbul edən Molla Cuma ömrü boyu nakam sevgi taleyinin acısını, ayrılığın məşəqqətini yaşamışdır. Bu səbəbdəndir ki, aşıq oğlu Həsənə nəsihətində “Alışıb nəgah-nəgah, // Eşq atəşə yanma, oğul... // Nə sevmə Leyli yarı, // Nə Məcnuna dönmə, oğul. // Tutginən nəsihətim, // Salma özün nara, Həsən”, – deyə onu aşiqliyin əzabından uzaq durmağa çağırmışdır.

Özünü aşiqliyin simvollarına çevrilmiş Məcnun, Kərəm, Fərhad... kimi eşq əhlinə bənzədən Molla Cuma İsmi-Pünhan eşqinin atəşində pərvanə kimi yanmışdır. “Əzəlki eşqimiz heç eşq deyilmiş, // Təzədən ciyərim od tutar indi”, yaxud “Dedim ki, qocalsam, sevda köhnəli, // Eşq sevdası lap əbədi olarmış” deyən Molla Cuma ömrünün sonuna kimi İsmi-Pünhanı unuda bilməmişdir:

Bəxti qara, taleyi kor, cigəri dağ Cumayam,

“İsmi-Pünhan” deyə-deyə cahanda əgləşmişəm.

Gördüyümüz kimi, İsmi-Pünhan mövzusu Molla Cumanın yaradıcılığında da xüsusi yer tutmuş və burada daha çox vüsal həsrəti, nakam sevgi, ayrılıq, hicran, ağrı və kədər motivləri üstünlük təşkil etmişdir. Böyük saz-söz ustadı Molla Cuma İsmi-Pünhan mövzusunu poeziyasına gətirməklə bütövlükdə Azərbaycan ədəbiyyatında bənzərsiz və təkrarı olmayan bir obraz – İsmi-Pünhan obrazı da yaratmışdır.

                        

Aynur XƏLİLOVA

                                                      filologiya üzrə fəlsəfə doktoru, dosent

AŞIQ DASTANLARI”NIN 2-Cİ CİLDİ İŞIQ ÜZÜ GÖRÜB
Featured

AŞIQ DASTANLARI”NIN 2-Cİ CİLDİ İŞIQ ÜZÜ GÖRÜB

28.10.2024

Son illərdə bir sıra uğurlu nəşrlərə imza atan Azərbaycan Aşıqlar Birliyində ərsəyə gətirilmiş daha bir kitab elmi ictimaiyyətin və geniş oxucu kütləsinin ixtiyarına verilib. Belə ki, elmi məsləhətçisi Azərbaycn Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı olan və üç cilddə nəşri nəzərdə tutulan “Aşıq dastanları”nın 2-ci cildi bu günlərdə nəfis tərtibatla çap olunub. Kitabı hazırlayanlardan biri – Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi, Musa Nəbioğlu bildirib ki, bu cildə on bir dastan – “Yetim Aydın”, “Əsli və Kərəm”, “Qul Mahmud və Nigar xanım”, “Məsum və Diləfruz”, “Alı xan və Pəri”, “Məhəmməd və Güləndam”, “Nəcəf və Pərizad”, “Şahzadə Əbülfəz”, “Səyyad və Səadət”, “Abdulla və Cahan”, eləcə də “Aşıq Hüseyn və Reyhan xanım” dastanları daxildir. Qeyd etmək lazımdır ki, bu dastanlar M.Qasımlının aparıcılığı ilə hər həftə “Mədəniyyət” kanalında AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi kimi efirə gedən “Saz-söz məclisi” verilişində geniş ictimaiyyətə təqdim olunub, sonra isə aşıqların dilindən yazıya alınaraq bu nəşrə daxil edilib. Birinci cilddə olduğu kimi, bu cildin hazırlanmasında da əsas məqsəd aşıq dastanlarının çağdaş aşıqların repertuarında geniş yer tutmasına çalışmaq, dastanlarımıza yeni həyat, yeni nəfəs gətirməkdir. 

Bu nəşrin özəlliyi bir də ondadır ki, buradakı dastanların hamısı canlı ifadan yazıya alınıb, sovet dövründə gedən ixtisar və müdaxilələrə yol verilməyib, sufi-dərviş simvolikası, eləcə də dini-ürfani obraz və deyimlərə toxunulmayıb, xalq koloriti və aşıq leksikonunun əsas səciyyəsi qorunub və dastanların strukturu olduğu kimi saxlanılıb.

Saz-söz ictimaiyyətinə, aşıqşünas, musiqişünas və folklor araşdırıcılarına dəyərli bir töhfə olan kitabı hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə Aynur Xəlilovadır.

ZƏLİMXAN YAQUB – 75
Featured

ZƏLİMXAN YAQUB – 75

11.01.2025

Bu il dövrümüzün böyük söz ustadı, Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 ili tamam olur. Yaradıcılıqda özünəməxsus dəst-xətti olan, ölməz əsərləri ilə milyonların qəlbində özünə heykəl quran şairin yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunacaqdır.

Bununla bağlı Azərbaycan Aşıqlar Birliyində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu sıradan ilk tədbir kimi, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birgə layihəsi olaraq hər həftə “Mədəniyyət” kanalında AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə efirə gedən “Saz-söz məclisi” verilişinin bir buraxılışının bütövlükdə Zəlimxan Yaquba həsr olunması nəzərdə tulub. Yanvarın 16-da efirə gedəcək verilişdə aşıqlardan Avdı Musayev, Nargilə Mehdiyeva, Kamandar Lətifoğlu, Elməddin Məmmədli, Qabil Abduyev və xanəndə Xəlil Qaraçöp müxtəlif aşıq havaları üstündə bu böyük söz ustadının şeirlərini ifa edəcəklər.

Xatırladaq ki, Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalıda – Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər isə “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1994-cü ildən ömrünün sonunadək Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü, 1995–2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.

 

Featured

AAB-NİN GƏDƏBƏY BÖLMƏSİ YARADILIB

19.11.2024

Bu günlərdə Azərbaycan Aşıqlar Birliyinin Gədəbəy rayonu üzrə bölməsi yaradılıb. 2024-cü il noyabr ayının 13-də Gədəbəy Aşıq Məktəbəində baş tutan təsis toplantısında rayonda yaşayıb fəaliyyət göstərən 16 nəfər aşıq və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin nümayəndəsi Şahniyar Əliyevin sədrliyi ilə keçən iclasda AAB-nin Gədəbəy bölməsinin sədrliyinə üç nəfər namizəd irəli sürülüb: Əlviz Əsgərov, Zülfüqar Şamilov və Anar Abdullayev. Namizədlərin hər üçü səsə qoyulub və səs çoxluğu ilə Zülfüqar Şamilov AAB-nin Gədəbəy bölməsinin sədri seçilib.

 Gədəbəy Aşıq Məktəbinin direktoru Azər Əkbərov, Əməkdar mədəniyyət işçisi, aşıq İmamverdi Mustafayev və digərləri çıxış edərək yeni seçilən rəhbərliyə uğurlar arzulayıblar.

AŞIQ YANVAR BƏDƏLOVUN XATİRƏSİNƏ HƏSR  OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Featured

AŞIQ YANVAR BƏDƏLOVUN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

23.10.2024

2024-cü il oktyabrın 21-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi, ustad aşıq Yanvar Bədəlovun xatirəsinə həsr olunmuş “Dastan axşamı” adlı tədbir keçirilib.

Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən  tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevil Əhmədova, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Aşıqlar Birliyinin əməkdaşı Şahniyar Mikayıloğlu və rayon ictimaiyyəti iştirak edib.

Ustadın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənildikdən sonra  Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu çıxış edərək Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun həyat və yaradıcılığı haqqında danışaraq ustadın bu sənətin inkişafındakı rolundan bəhs edib, onun dastançı aşıq və “Koroğlu havaları” kimi klassik aşıq havalarının mahir ifaçısı olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı xanəndə Sahibə Abdullayeva, aşığın yetirmələri Elman Mehdiyev, Qalib Güləliyev, Elçin Məmmədov çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Sonda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov çıxış edərək Yanvar Bədəlovun xatirəsinin bundan sonra da əziz tutlacağını bildirib, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilində əməyi keçənlərə və iştirakçılara minnətdarlığını bildirib.

464146188_936975585146535_1305666614905148483_n.jpg

464155625_936975568479870_2124627712449890713_n.jpg

464194062_936975641813196_4175372206896778925_n.jpg

464203079_936975601813200_6099767839413202627_n.jpg

464225940_936975331813227_1999025656808965565_n.jpg

464234587_936975768479850_8767647556698780991_n.jpg

464324861_936975355146558_910866531950994150_n.jpg

XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ  100 İLLİYİ QEYD OLUNUB
Featured

XALQ ŞAİRİ HÜSEYN ARİFİN ANADAN OLMASININ 100 İLLİYİ QEYD OLUNUB

12.12.2024

Hüseyn Arif son dərəcə təbii şair idi. Həyatdakı təbiiliyi, şəxsiyyətindəki saflığı poeziyasına da keçmişdi. Onun sənət müəllimləri el ədəbiyyatı - dastanlar, qoşmalar, təcnislər, bayatılar, Qurbani, Ələsgər, Dilqəm və dövrünün canlı klassikləri idi. O, bu ustadlardan çox şey görüb-götürdü, lakin kimsəni təqlid eləmədi, ədəbiyyatda özünəməxsus Hüseyn Arif cığırı açdı, bu cığırı yola çevirdi. Hüseyn Arif neçə əsrlik Azərbaycan xalq poeziyasının klassik qolu ilə müasir qolu arasında canlı bir körpü yaratdı. Klassikaya məxsus poetik incəliklər, müdrik düşüncə tərzi, aşıq-ozan mədəniyyəti, xalq ruhu onun şeirlərində də davam və inkişafda idi. O da ustadları kimi qoşmanın, gəraylının safını, özəlini yaradırdı, şəklini çəkmirdi. O, elin, obanın təəssübkeşi idi və bu təəssübkeşlik o dərəcəyə çatırdı ki, Hüseyn Arifin şeirlərində mənsub olduğu xalq bütün mənəvi dünyası ilə baş qəhrəmana çevrilirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər dekabrın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin poeziya şöbəsinin rəhbəri, şair İbrahim İdrisli, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və başqaları Hüseyn Arifin bənzərsiz poeziyasından danışaraq vurğulayıblar ki, şairin 100 illiyi ilə bağlı ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bildirib ki, XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib. Onun poeziya aləmi mövzu baxımından genişdir və əsərləri məna qüdrətini bu gün də qoruyub saxlayır. Şairin təbii və canlı dili ilə seçilən əsərlərində həyatın öz nəfəsi duyulur. Təsadüfi deyil ki, Hüseyn Arifin şeirləri çox zaman mahnı mətninə çevrilib. O, Vətən, ana torpaq, övlad məhəbbəti kimi bəşəri dəyərləri heç kimə bənzəməyən tərzdə ifa edib.

Hüseyn Hüseynzadə 1924-cü il iyunun 15-də Qazaxın Yenigün kəndində (kənd hazırda Ağstafa rayonunun tərkibindədir) doğulub. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayan şairin librettosu əsasında hazırlanan “Azad” tamaşası 1957-ci ildə Akademik Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş̧ SSRİ və bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunub. Şeirlərinə musiqilər bəstələnib. 1976-cı ildə Sarayevo Beynəlxalq Poeziya Günlərinin, 1979-cu ildə Liviyada “SSRİ Günləri”nin iştirakçısı olub. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, “Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri və Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində çalışıb.

Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsinə əsaslanan, epos təfəkkürünü, etnoqrafik yaddaşı geniş əks etdirən dəyərli əsərlər yazıb. O, təbiət mövzusunda yazdığı əsərləri ilə oxucunu ana təbiəti duymağa, qorumağa, doğma torpağın qədrini bilməyə çağırıb. Həmişə xalqın içində olan şairin əsas qayəsi, Vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olub.

Hüseyn Arif o məşhur insanlardandır ki, adı ilə bağlı çoxlu lətifələr, baməzə əhvalatlar dolaşır, hətta belə lətifə və əhvalatların toplandığı kitab nəşr olunub, lakin bütün baməzə düzməcələr və olmuş̧ əhvalatlar onun şair ciddiliyini nəinki zədələmir, əksinə, onu xalqa daha da yaxınlaşdırır, olduğu səmimiyyətlə ona xalq sevgisi qazandırır.

Natiqlər vurğulayıb ki, Hüseyn Arifdən söz açanda "təbiət şairi" ifadəsini tez-tez işlədirlər. Bəli, o, təbiətin şairi idi. O mənada ki, təbiətə təkcə vurğun deyildi, təbiəti içində yaşadırdı, meşədə, dağda, çöldə, çəməndə, bir çeşmə başında olanda sanki dünyaya təzədən gəlirdi. Təbiəti bəlkə də onun kimi duyan, sevən ikinci bir adam tapmaq çətindir. Ancaq Hüseyn Arif poeziyasını yalnız insan-təbiət dairəsi ilə məhdudlaşdırmaq doğru olmazdı. Xalqın fikir dünyası, ruhu və psixologiyası H.Arifin poetik dünyası ilə qovuşurdu.

Hamıya məlumdur ki, Hüseyn Arif aşıq poeziyasının vurğunu idi. Sazı çox sevirdi. Dilqəmə poema həsr etmişdi. Bu sevginin həddi-hüdudu yox idi. H.Arif Ələsgərin ustadı Aşıq Alının şeirlərini toplayırdı. Azərbaycan Aşıqlar Birliyi məhz Hüseyn Arifin qayğıkeş fəaliyyəti nəticəsində 1984-cü ildə Azərbaycan aşıqlarının IV qurultayından sonra yaranıb. O bütün həyatı boyu aşıq sənətinin qoruyucusu oldu.

Diqqətə çatdırılıb ki, Hüseyn Arifin şeir və poemaları XX əsr Azərbaycan poeziya tarixinə həkk olunub. O özündən sonra zəngin bir ədəbi irs qoyub gedib. Şairin yaradıcılığı hər zaman dövlətin diqqət və qayğısında olmuşdur. O, 1984-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1989-cu il ildə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat edən Xalq şairi, doğulduğu kənddə nakam oğlunun yanında dəfn olunub.

Şairin adının əbədiləşdirilməsi ilə bağlı fikirlərini bölüşən çıxışçılar qeyd edib ki, söz sərrafının vaxtı ilə Bakıda yaşadığı evin divarına xatirə lövhəsi vurulub. Xırdalan şəhərindəki, Ağstafadakı küçələrdən biri, habelə Ağstafa şəhərindəki Uşaq Musiqi Məktəbi Hüseyn Arifin adını daşıyır. 2010-cu ildə “Mən Hüseyn Arifəm...” adlı film çəkilib. Adına çoxlu şeirlər, şeirlərinə nəzirələr yazılıb, yaradıcılığı ədəbi-elmi yazıların, tədqiqat əsərlərinin mövzusu olub. Onun yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz önəmlini qoruyub saxlayır, xalqımız, dilimiz yaşadıqca Hüseyn Arif poeziyası da yaşayacaq, seviləcək, öyrəniləcəkdir.

Gecədə qiraətçilər şairin şeirlərini, tanınmış və gənc ifaçılar isə sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.

Sonda Hüseyn Arifin ailəsi adından nəvəsi Tural Rəhmanzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

***

 

 

AAB-NİN SƏDRİ, ƏMƏKDAR ELM XADİMİ,

PROFESSOR MƏHƏRRƏM  QASIMLININ 

HÜSEYN  ARİFİN 100 İLLİK

YUBİLEY  GECƏSİNDƏKİ  ÇIXIŞI

Mən bu çıxışa hazırlaşanda xeyli düşündüm ki, mətləbi haradan başlamaq lazımdır. Elə görürəm ki, ümumiyyətlə, həqiqi poeziya elə bir sirli-sehirli aləmdir ki, burada şairlər özlərinin sirli bir portretini yaradırlar.  Bu mənada Hüseyn Arifin poeziyası da maraqlı obarazlar verir. Məsələn, palıd obrazı Hüseyn Arifi təmsil eləmək gücündədir yaxud durna obrazı, qartal obrazı. Digər mətnlərlə tanış olanda görürsən ki, yox, ustad özü ayrı bir qərardadır:

“Eşq ilə yaşayıb yaradan kəsin,

Adı Hüseyndir, özü ürəkdir”.

Yəni Hüseyn Arifin obrazı, əslində, ürək obrazıdır. Poetik ürək obrazıdır və bu ürək obrazını bir çox şeirlərində deyib və ulu usatdımız Əlibaba Məmmədov da oxuyurdu ki:

“Ömür deyir qocalmışam,

ürək deyir yaşa hələ”.

bilirsiniz ki, bu sıradan onlarla şeir var ki, yenə də ürək anlayışının içərisindən keçir. Belə görünür ki, Hüseyn Arifin əsl obrazı, yəni sənət obrazı, poetik simvolu elə ürəkdir. Hüseyn Arifin bütün yaradıcılığı bir kövrək ürəkdir, kövrək könül çırpıntılarıdır. Bir çox məqamlarda hətta onun şeirləri ürək, könül göynərtisi və nisgildir. Bayaq şeiri onun öz səsində dinlədik. Onun səsində də bu həzinlik, kövrəklik var idi. Baxışlarına baxın, arxadakı portretdə, nisgil var, kədər var, göynərti var. Bu mənada Hüseyn Arif özünün könül kövrəkliyinnən bizi oyaq saxlayır, dik saxlayır, poeziyaya doğru duyğulandırır. O, bənzərsiz bir sənkardır. Onun sazdan gələn dünyası var, sazdan gələn dünya Dədə Qorqud dünyasından gəlir. Onun şeir dili Dədə Qorqud dilidir. Onun şeir dili böyük ozanlar ruhundan gəlir və  poetik cizgiləriylə bir portret yaradır. Analarla bağlı misralara fikir verin:

Alnında zamanın açdığı qırış,

Başına qar töküb, qar ələyir qış.

Odun istisindən aralanmamış,

Suyun soyuğundan keçib analar.

Bu, bizim hamımızın anasıdır, analarımızdır. Bu xəlqi ruhlu obrazı Hüseyn Arif yaradıb. Onun bu səpgidə yaratdığı nə qədər unudulmaz obrazlar var.

Onun böyük sənətkarlarla bağlı yazdığı şeirlərdə də   görürsən ki, əsl sehirbaz bir fırça işləyir. “Ay Mirzə dayı”nı “Kərəm gözəlləməsi” havası üstə böyük ustadlar oxuyublar. Heç vaxt adamlar deməyiblər ki, mənə bir “Kərəm gözəlləməsi” oxu. Aşığa deyirlər ki, “Ay Mirzə dayı”  oxu. Bunu Hüseyn Arif yaradıbdır. Yəni Hüseyn Arif sənətə sıradan daxil olan bir sənərkar deyil. O Haqq dərgahından, İlahi Tanrı dünyasından gələn bir şair idi və onun şeirlərinin hər bir nöqtəsində şaman dualarından gələn incəliklər, şaman çırpıntıları  görünməkdədir.

Hüseyn Arif dönə-dönə saza müraciət eləyib, saznan bağlı poemalar yazıbdır. Onun ruhunu, varlığını təmsil edən bir obraz da saz idi. Hətta bir dəfə bir istedadlı adam şeirlərini ona təqdim edəndə ki, necə yazıram, deyib, gedək deyəcəm necə yazırsan. Gedib oturublar, başlayıb saz çalmağa.  Adam deyib, qağa, bəs necə oldu şeir? Şair saz çala-çala: “Belə yaz, belə yaz!” – deyir.   Yəni xalqın ruhunu yazmaq lazımdır, xalqın ruhunu təmsil eləmək lazımdır.

Bir mətləbi də demək istəyirəm. Hüseyn Arif kökə-köməcə çox bağlı bir sənətkar idi. Onun şeirlərinin içərisində bəzən sətiraltı mənada elə mətləblərdən danışılır ki, görürsən, çox uzaqlardan gəlir və çox uzaqlara gedən addımlardır, poetik nəfəsdir. O mənada, Hüseyn Arif dövlətçi şair idi, vətənçi təfəkkürüylə yaşayan bir şair idi. Onun şeirlərinə baxın: Təbrizdən başlayır Naxçıvana, Naxçıvandan başlayır Şuşaya, Qubaya, Qazaxa, Gəncəyə, Göyçəyə, Dərbəndə qədər ən müxtəlif yerlər tərənnüm olunur. Şerilərində, bəlkə də, yüzə qədər tarixi məkan adı var. Bu, elə belə, sıradan bir məsələ deyildir.

Hüseyn Arif sözün həqiqi mənasında xalqın içərisindən çıxmış nəhəng bir şair idi və onun bütün düşüncəsinin içərisində Azərbaycanın birliyi, bütünlüyü, toxunulmazlığı, ucalığı dayanırdı. Yaxşı xatırlayıram ki, səksəninci illərin sonlarında bir şeirini tez-tez oxuyardı. Niyə? Çünki mənfur qonşularımız üstümüzə bizdən torpaq istəyirdilər. Hüseyn Arif Göyçəyə daim gedib-gəlir, orada böyük ustadların qəbirlərini tapır, onlarla bağlı məsələlər qaldırırdı. 

Hüseyn Arifin yaradıcılığından danışan zaman onun əsas manifest misralarını da mütləq xatırlamalıyıq:

“Bir ovuc torpaqdan dönən deyiləm,

Bir ovuc torpağa dönənə kimi!”

Azərbaycanın şanlı  ordusu və müzəffər Ali Baş Komandanının möhkəm iradəsi sayəsində Hüseyn Arifin bu poetik vəsiyyəti və yeritmək istədiyi missiya da gerçəkləşdi. Qoy onun ruhu şad olsun, sizlərə də can sağlığı. Var olun!

     

“ÜRƏYİNDƏ SAXLA MƏNİ”
Featured

“ÜRƏYİNDƏ SAXLA MƏNİ”

09.11.2024

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” kafedrasının dosenti, ustad aşıq Altay Məmmədli həm də bədii yaradıcılıqla məşğul olur. Bu günlərdə onun ilk şeirlər kitabı işıq üzü görüb. Nəfis tərtibatla çap olunan “Ürəyində saxla məni” adlı bu kitabı nəşrə hazırlayan, redaktoru və ön sözü müəllifi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.Kitabda müəllifin müxtəlif mövzularda yazdığı qoşma, gəraylı, divani, təcnis və müxəmməsləri toplanıb.

Ön sözdə M.Nəbioğlunun da vurğuladığı kimi, Altay Məmmədli günümüzdə aşıq sənətini yaşadan, onu beynəlxalq aləmdə də ləyaqətlə təmsil edən, bir sözlə,  üzdə olan ünlü sənətkardır. O, sadəcə aşıq deyil, həm də bu sənətin təbliğatçısı, tədqiqatçısı, öyrədəni və təşkilatçılarındandır – alim-aşıq, filologiya üzrə fəlsəfə doktorudur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini tədris edir. Azərbaycan Aşıqlar Birliyinin sədr müavinidir.

Featured

“MİRZƏ BİLAL” DASTANI YENİ TƏQDİMATDA

14.10.2024

Son illərdə aşıqların dastan repertuarının zənginləşməsinə xüsusi diqqət yetirən, çağdaş aşıqlarımızın ifasında dastanlarımıza bir növ ikinci həyat bəxş Azərbaycan Aşıqlar Birliyində daha bir dastan üzərində iş yekunlaşmaq üzrədir. Bu dəfə Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Şirvan aşıqlarının babası sayılan Mirzə Bilaldan bəhs edən dastan bu mühitin istedadlı gənc nümayəndələri olan Qəlbinur İbrahimli və Elnur Babayevin təqdimatında saz-sözsevərlərə təqdim olunacaq. 

 “Mirzə Bilal” dastanı yaxın günlərdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə “Mədəniyyət” kanalında hər həftə efirə gedən “Saz-söz məclisi” verilişində tamaşaçıların ixtiyarına verilicək.

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb
Featured

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb

03.12.2024

Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir. Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır”. Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” Qanununa zidd olduğunu bəyan edir.

“Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25%-i eyni şəxslərdən ibarətdir. Azərbaycan əleyhinə iş aparan bir sıra xarici donorlarının, Qərb səfirliklərinin təsiri altında olan şəxslərin dövlət qurumları yanında İctimai şuralara müxtəlif üsullarla düşməsi, bu statusdan sui-istifadə etməsi, mandatlarından kənar fəaliyyət halları, özlərini “qrant vasitəçiləri” kimi apararaq məlumatlar toplaması barədə siqnallar narahatlıq doğurur. Bəzi Qərb səfirliklərinin Azərbaycanda İctimai şuralarda təmsil olunan QHT-ləri ələ almağa çalışaraq, onlara özlərinin balansında olan nəqliyyat vasitələrini bağışlamaq istəkləri barədə də məlumatlar var.

Azərbaycan Milli QHT Forumu hesab edir ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır”, - deyə bəyanatda bildirilib.

/https://azertag.az/xeber/azerbaycan_milli_qht_forumu_ictimai_suralarin_formalasdirilmasinda_pozuntulara_ve_uzvlukden_sui_istifade_hallarina_dair_beyanat_yayib-3314576/

TƏBRİK EDİRİK!
Featured

TƏBRİK EDİRİK!

05.11.2024

Babək Məzahir oğlu Şakirli (Şahbazov) Şirvan aşıq mühitinin tanınmış nümayəndələrindəndir. Zəngin repertuara malik oln aşıq Babəkin bu gün həm də  ən yaxşı dastan söyləyicilərindən biri kimi tanınır və zəngin dastan repertuarına malikdir.

Bu günlərdə o, aşıq sənətinin inkişafındakı dəyərli xidmətlərinə görə Azərbaycan Aşıqlar Birliyinin “Fəxri diplom”u ilə təltif olunub. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı “Fəxri diplom”u təqdim edərək onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.

WhatsApp Image 2024-11-05 at 12.02.14.jpeg

WhatsApp Image 2024-11-05 at 12.02.15(1).jpeg

AĞAMURAD ŞİRVANLININ 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Featured

AĞAMURAD ŞİRVANLININ 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB

10.10.2024

Şamaxı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Aşıqlar Birliyinin və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayon Mədəniyyət Mərkəzində Aşıq Ağamurad İsrəfilovun 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Öncə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı və filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Aşıq Ağamurad Şirvanlını yubiley münasibəti ilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıblar.

Tədbirdə yubilyara müvafiq fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Aşıq Ağamurad çıxışında keçdiyi ömür yolundakı xidmətlərinə görə təltiflərlə bağlı ölkə rəhbərliyinə və 60 illik yubiley tədbirinin təşkilatçılarına öz minnətdarlığını bildirib.

Tədbirdə Xalq artistləri Nəzakət Teymurova, Zabit Nəbizadə, Əməkdar artistlər Elnarə Abdullayeva və Şirzad Fətəliyev, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, tanınmış aşıq Əli Tapdıqoğlu, görkəmli xanəndə Nemət Ərəboğlu, Televiziya Muğam müsabiqəsinin qalibi Abgül Mirzəliyev və “İncə tellər” aşıqlar ansamblı çıxış ediblər. Onların çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

461770425_859465166346907_818975288596798373_n.jpg

461990161_859465233013567_3638060317841328973_n.jpg

462157021_859465543013536_3124673691510245761_n.jpg

462458841_859465169680240_8882972099957694225_n (1).jpg

462464499_859465246346899_4085536551446587200_n.jpg

462593471_859465229680234_4782078421326959021_n.jpg

4 -dən səhifə 36

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
© 2026 Bütün hüquqlar qorunur. Azərbaycan Aşıqlar Birliyi | Ünvan: Bakı ş., Zahid Xəlilov küç., 38
  • 012 497 75 91
  • asiklarbirliyi@mail.ru
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • XƏBƏRLƏR
  • TƏDBİRLƏR
  • MƏQALƏLƏR
  • MƏKTUBLAR
  • YUBİLEYLƏR
  • KİTABLAR
  • ƏLAQƏ