PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

TANINMIŞ FOLKLORŞÜNAS ALİM, ƏMƏKDAR MƏDƏNİYYƏT İŞÇİSİ ELXAN MƏMMƏDLİ VƏFAT EDİB

Tanınmış folklorşünas alim, AMEA Folklor İnstitutu Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli 21 mart 2025-ci il tarixində, ömrünün 79-cu ilində vəfat edib.

Elxan Hüseynqulu oğlu Məmmədli 1 yanvar 1946-cı ildə Borçalı mahalının (Gürcüstan) Faxralı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini bitirib.

Bir müddət pedaqoji fəaliyyətlə məşğul olan Elxan Məmmədli 1979-cu ildən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Folklor şöbəsində elmi fəaliyyətə başlayıb. 1994-cü ildə böyük elmi işçi kimi Folklor Elmi-Mədəni Mərkəzində (AMEA-nın indiki Folklor İnstitutu) fəaliyyətini davam etdirib. 1998-ci ildə “Azərbaycan aşıq yaradıcılığında təcnis” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyasını müdafiə edib.

“Təcnis sənətkarlığı” (1998) və “Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti” (2014) adlı monoqrafiyaların müəllifi olan alimin toplayıb tərtib etdiyi 10-dan çox kitabı işıq üzü görüb.

Elxan Məmmədli 1969-2009-cu illər ərzində Azərbaycan Radio və Televiziyasında “Bulaq”, “Ustadnamə”, “Sazın-sözün sehrində”, “Gözəlləmə” və “Sarıtel” verilişlərinin müəllifi və aparıcısı kimi tanınıb. O, eyni zamanda Azərbaycan Aşıqlar Birliyinin İdarə Heyətinin üzvü idi.

Folklorşünas-alim Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2008-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin.

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ