2025-ci il yanvarın 15-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Mikayıl Azaflının anadan olmasının 100 illik yubileyi qeyd olunub. Tədbiri giriş sözü ilə açan AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarın həyat və yaradıcılıq yolundan söhbət açıb. Qeyd olunub ki, 1924-cü ildə Tovuz rayonunda anadan olan Mikayıl Azaflı ustad aşıq olmaqla yanaşı, həm də bir şair kimi tanınıb, bir sıra yeni aşıq havaları yaradıb.
Onun şöhrəti təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda – Gürcüstanda, Türkiyədə, Cənubi Azərbaycanda, Dağıstanda və Orta Asiya respublikalarında da geniş yayılıb. M.Qasımlı həmçinin qeyd edib ki, M.Azaflı şair kimi də məşhur olub, onun şeirləri aşıqların repertuarında bu gün də mühüm yer tutur. Bu böyük saz-söz ustadının 100 illik yubileyi ilə bağlı Azərbaycan Aşıqlar Birliyinin silsilə tədbirlər həyata keçiridiyini, yüz illiyə yüz şeir ərməğanı olan kitabının nəşr olunmasını vurğulayan natiq qeyd edib ki, ustadın sənət yolu bu gün təkcə şəyirdləri tərəfindən yox, həm də övladları və nəvə-nəticələri tərəfindən də uğurla davam etdirilir.
Sonra söz Mikayıl Azaflının ədəbi irsinin toplanıb nəşr etdirilməsində böyük xidmətləri olan Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevə verilib. O, M.Azaflının ustad aşıq kimi Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini qeyd edib, eyni zamanda xüsusi olaraq vurğulayıb ki, o, həm də dövrünün məşhur şairi olub. İctimai-siyasi mövzuda yazdığı kəskin şeirləri onun sovet repressiya maşınının təzyiqləri ilə üzləşməsinə səbəb olub. Professor, M.Azaflının indiyədək çap olunmuş əsərlərindən söhbət açıb, 100 illik yubileyi ərəfəsində nəşr etdirdiyi yeni bir kitabı haqqında məlumat verib.
Zərgər Abbas öz çıxıçında Mikayıl Azaflı ilə bağlı xatirələrindən danışıb.
Tədbirin bədii hissəsində Xalq artisti Nazpəri Dostəliyeva, müğənnilərdən Xəlil Qaraçöp və Eldar Ələkbərov, aşıqlardan Avdı Musayev, Şaiq İncəli, Nizami Cəlaloğlu, Vüqar Şəmkirli, Əli Pənahoğlu, Nəcəf Uğurlu, Asudə Şınıxlı, Vüqar Şamilov, Elməddin Məmmədli və Şəhriyar Qaraxanlı, “Çeşmə” folklor qrupu, eləcə də Mikayıl Azaflı ocağının nümayəndələri Gülarə Azaflı, Roman Azaflı, Məzahir Azaflı, babasının adını daşıyan yeniyetmə Mikayıl Azflı və Məhsəti Cabbarlı əsasən ustadın özünün yaratdığı və digər aşıq havaları üstündə onun sözlərini ifa ediblər.
Tədbirin sonunda Mikayıl Azaflı ədəbi irsinin tədqiqində və təbliğində, eləcə də yubiley tədbirinin keçirilməsində yaxından iştirak edən bir qrup şəxs Tovuz Xeyriyyə Cəmiyyətinin “Mikayıl Azaflı – 100” yubiley nişanı ilə təltif olunub. Mükafatları Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov təqdim edib.
Yubilyarın oğlu Hakim Azaflı tədbirin təşkilatçılarına Azaflı ailəsi adından minnətdarlıq edib.