2024-cü il oktyabrın 21-də İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Əməkdar mədəniyyət işçisi, ustad aşıq Yanvar Bədəlovun xatirəsinə həsr olunmuş “Dastan axşamı” adlı tədbir keçirilib.
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi və İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının müavini Sevil Əhmədova, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor institutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, Aşıqlar Birliyinin əməkdaşı Şahniyar Mikayıloğlu və rayon ictimaiyyəti iştirak edib.
Ustadın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənildikdən sonra Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu çıxış edərək Əməkdar mədəniyyət işçisi Aşıq Yanvar Bədəlovun həyat və yaradıcılığı haqqında danışaraq ustadın bu sənətin inkişafındakı rolundan bəhs edib, onun dastançı aşıq və “Koroğlu havaları” kimi klassik aşıq havalarının mahir ifaçısı olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi, “Tərəqqi” medallı xanəndə Sahibə Abdullayeva, aşığın yetirmələri Elman Mehdiyev, Qalib Güləliyev, Elçin Məmmədov çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Sonda Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov çıxış edərək Yanvar Bədəlovun xatirəsinin bundan sonra da əziz tutlacağını bildirib, bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilində əməyi keçənlərə və iştirakçılara minnətdarlığını bildirib.