Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Ustad balabançı, Fəxri mədəniyyət işçisi, Nizami Abbasov 78 yaşında vəfat edib.
Nizami Əli oğlu Abbasov 1946-cı il iyul ayının 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Sənətin sirlərini dövrünün tanınmış balabançılarından olan atası Əli Abbasovdan öyrənib.
O, 1970-ci illərdən Parakənd kənd mədəniyyət evində bədii rəhbər vəzifəsində çalışıb.
Nizami Abbasov uzun illər Gədəbəy rayonunda ustad sənətkar İsfəndiyar Rüstəmovun rəhbərlik etdiyi “Xalq aşığı” ansamblında balabançı kimi çıxış edib, rayon və respublika miqyaslı tədbirlərdə, folklor festivallarında iştirak edib, bir çox beynəlxalq tədbirlərdə aşıqları uğurla müşayiət edib. Moskva, Ankara və Təbrizdə unudulmaz ifaları ilə yadda qalıb. Nizami Abbasov eyni zamanda milli musiqi alətlərinin, o cümlədən də balabanın hazırlanmasında böyük zəhmət sərf edib. Gənc ifaçılara ustad və müəllim kimi, hər cür köməklik göstərib.
O, Azərbaycan aşıqlarının IV, V və VI qurultaylarında iştirak edib, Azərbaycan Aşıqlar Birliyinin “Fəxri diplom”u ilə təltif olunub.
Ustad sənətkar Nizami Əli oğlu Abbasovun əziz xatirəsi doğmalarının, əzizlərinin və sənət yoldaşlarının qəlbində daim yaşayacaqdır.
AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ