May ayının 23-24-də Bakıda Xəzər Universitetində keçirilən, təşkilatçılarından biri də Azərbaycan Aşıqlar Birliyi olan “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” adlı Beynəlxalq elmi simpoziumda iştirak etmək üçün ölkəmizə gələn Türkiyənin Nevşehir Hacı Bektaş Universitetinin professoru Bayram Durbilməz Aşıqlar Birliyini də ziyarət edib. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və və Birliyin əməkdaşları ilə olan səmimi görüş zamanı aşıq sənətinin dünəni və bu günü, qarşıda duran vəzifələr barədə maraqlı fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə aşıqları arasında yaradıcılıq əlaqələrinin daha da möhkəmləndirilıməsinin vacibliyi vurğulanıb.
M.Qasımlı hörmətli qonağı Azərbaycan Aşıqlar Birliyinə üzv qəbul edilməsi və təşkilatın Türkiyə təmsilçisi olması münasibəti ilə təbrik edərək üzvlük vəsiqəsini verib, Birliyin son illərdə nəşr etdirdiyi kitabları hədiyyə edib. Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, Bayram Durbilməz aşıq ailəsində dünyaya gəlib, Yozqatlı Aşıq Türkmənoğlu kimi tanınana aşıq Bahri Durbilməzin oğludur. Elmi araşdırmalarla məşğul olmaqla yanaşı, eyni zamanda bədii yaradıcılıqla da məşğul olur, şeir yazır. “Aşıq ədəbiyyatı araşdırmaları: Taşpinarlı xalq şairlər”, “Kayserili xalq şairlərinin şeirlərində Kıprıs”, “Aşıq Meydani: həyatı, sənəti, şeirlərindən örnəklər” və s. kitabları işıq üzü görüb.