Lənkəranlı ziyalı Heydər Nəzərov 2024-cü il aprelin 15-də Azərbaycan Aşlqlar Birliyində növbəti dəfə qonaq olub. Lənkəranın Boladi kəndində yaşayan Heydər müəllim ixtisasca pedaqoqdur, uzun illər pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, eyni zamanda respublikamızın cənub bölgəsində sazın-sözün bilicisi, təəssübkeşi və ən fəal təbliğatçılarından biri kimi tanınır. Klassik ustad aşıqlarımızın həyat və yaradıcılığına yaxından bələd olan Heydər müəllim AAB-nin fəaliyyətini və çağdaş aşıqlarımızın yaradıcılığını da yaxından izləyir, dastanlarımıza bələddir, özü də sazda ifa etməyi bacarır.
Onun AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlını bu dəfəki ziyarəti də xalqımızın çox qiymətli milli-mədəni sərvəti olan aşıq sənəti ilə bağlı geniş fikir mübadiləsi ilə məhsuldar və yaddaqalan olub.
Heydər Nəzərov AAB-yə əliboş gəlməyib – Birliyin əməkdaşı, Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı və onun rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun üzvləri üçün milli geyim hədiyyə edib. Paltarları onun gəlini, rəssam-dizayner Xəyalə Nəzərova tikib. AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı qiymətli hədiyyəyə görə hörmətli qonağa özünün və rəhbərlik etdiyi təşkilatın adından minnətdarlıq edib, ona AAB-nin üzvlük vəsiqəsini təqdim edib. Sonda Heydər Nəzərovun ifasında bir neçə saz havası dinlənilib və xatirə şəkli çəkdirilib.