PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

"Aşıq Ədalət ağır xəstə olsa da özünü əsl ustad kimi aparır”

Boğazında yaranmış ciddi narahatlığa görə səhhəti pisləşən ustad aşıq Ədalət Nəsibovun müayinə üçün Türkiyəyə getməsi ilə bağlı bir neçə gün öncə xəbər vermişdik.
Moderator.az xəbər verir ki, Aşıq Ədalət artıq Türkiyədən qayıdıb və müalicəsini burada davam etdirəcək.
Bu barədə Moderator.az-a Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı geniş məlumat verib:

“Aşıq Ədalət Türkiyədən müayinə olunub və vətənə qayıdıb, indi evindədir. Orada həkimlər də buradakı həkimlərimiz kimi müalicə yazıblar, indi müalicəsi burada davam edir. Bu gün Aşıqlar Birliyinin rəhbərliyi olaraq təşkilat katibi Altay Məmmədli, gənclər şurasının sədri Əli Tapdıqoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva ilə birlikdə Aşıq Ədalətlə görüşdük. Aşıq Ədalət xəstədir, xəstəliyi də xeyli dərəcədə ciddidir. Allahdan ustad aşığımızın tezliklə şəfa tapmasını arzu edirik. Xəstə olsa da, zəif, halsız olsa da, əhval-ruhiyyəsi, sənət eşqi yerindədir. Bizimlə xeyli məntiqli söhbətlər etdi, özünü əsl ustad kimi aparır. Bacardığımız qədər ürək-dirək verdik, özü də müdrik, qürurlu adamdır, ona görə də inamımız böyükdür ki, Allahın köməyi ilə bu xəstəliyi yenəcək.
Ədalət Nəsibov Mədəniyyət Nazirliyinin, Aşıqlar Birliyinin diqqətindədir və davamlı olaraq diqqət mərkəzində də saxlayacağıq. Ümidvarıq ki, tezliklə şəfa tapsın və biz həmişəki kimi ustadımızla qürur duyaq”.

Məhərrəm Qasımlı sonra bunları deyib: “Dövlətimizdən, Aşıqlar Birliyindən heç bir istəyi yoxdur, hər kəsdən razılıq edir. Aşıq Ədalət Əməkdar incəsənət xadimidir, Prezident təqaüdçüsüdür, Aşıqlar Birliyi İdarə Heyətinin, Aşsaqqallar Şurasının üzvüdür. Bu müddət ərzində bizə çox köməyi dəyən ustad sənətkardır, aşıqlıq sənətində kifayət qədər xidmətləri olub və dövlət tərəfindən də xidmətlərinə dəyər verilib, bu gün də verilməkdədir. Bu yaxınlarda Aşıq Ədalət haqqında “Sazın ədaləti” adlı kitab buraxdırdıq. Kitabı özünə təqdim etmişik, çox razı qalıb, təşəkkür edib. Bundan sonra da zaman-zaman onun fəaliyyətinə qiymət veriləcək. Bir neçə həftə bundan öncə onu AzTV-də apardığım saz-söz verilişinə Aşıq Ədaləti dəvət etmişdim. Aşıq ustad olaraq xeyli söhbətlər etdi, ifa elədi, dastan danışdı. Yaxşı ki, onun haqqında saat yarımlıq belə bir verilişimiz oldu, həmin verilişi özü də qiymətli bir inci kimi dəyərləndirdi. Onun hər sözü, nəfəsi bizim üçün çox dəyərlidir, barmaqlarından qopan istənilən səda sazın başını ucaldan, bizim başımızı ucaldan sənət ərməğanıdır. Allah qorusun Ədalət Nəsibovu!"

Moderator.az kollektivi adından biz də Aşıq Ədalət Nəsibova Allahdan şəfa diləyirik, tezliklə sağlamlığına qovuşmasını arzu edirik!


Rumiyyə