PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AZƏR XANLAROĞLU DÜNYASINI DƏYİŞDİ

Azərbaycan aşıq sənətinə ağır itki üz verib – gənc və istedadlı solo-saz ifaçısı Azər Xanlar oğlu uzun sürən ağır xəstəlikdən sonra 2018-ci il may ayının 12-də vəfat edib.
Azər Xanlaroğlu Məhərrəmov 1983-cü il aprel ayının 27-də Tovuz şəhərində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, ustad aşıq Xanlar Məhərrəmovun ailəsində dünyaya gəlib. Gözünü açandan evdə saz görən, sazın laylası ilə böyüyən Azər hələ kiçik yaşlarından saza-sözə böyük maraq göstərib, tez zamanda istedadı ilə yaşıdlarından seçilib, bənzərsiz ifası ilə bir daha sübut edib ki, ustad oğlu şəyird olmaz. Qısa müddətdə istedadlı solo-saz ifaçısı kimi Azərbaycanda məşhurlaşıb, sorağı ölkəmizin hüdudlarını aşıb.

Respublikamızda keçirilən bir çox müsabiqələrin qalibi və laureatı olan Azər Xanlaroğlu son onillikdə  ölkəmizdə keçirilən aşıq festivalları və digər rəsmi tədbirlərdəki uğurlu çıxışları ilə geniş tamaşaçı və dinləyici kütləsinin rəğbətini qazanıb, dəfələrlə Azərbaycan aşıq sənətini xarici ölkələrdə, o cümlədən UNESCO səviyyəsində keçirilən tədbirlərdə layiqincə təmsil edib.
Azər Xanlaroğlu 2008-ci ildən eyni zamanda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü idi və Birliyin həyata keçirdiyi bütün tədbirlərdə yaxından iştirak edirdi. Gənc aşıqlar arasında özünəmxsus bənzərsiz ifası ilə seçilirdi.
Gənc yaşlarından ustadlıq səviyyəsinə yüksələn, təkcə Azərbaycanda yox, həm də Türkiyədə, İranda, Gürcüstanda və digər türkdilli ölkələrdə də tanınıb sevilən Azər Xanlaroğlunun həyatdan vaxtsız köçməsi aşıq sənəti üçün böyük itkidir.
Azər Xanlaroğlunun əziz xatirəsi onu tanıyanların, yaxınlarının və doğmalarının, bütün sənətsevərlərin qəlbində əbədi yaşacaq.
Allah rəhmət eləsin!