PREZIDENT İLHAM ƏLIYEV

AŞIQ SƏNƏTİ BİZİM MİLLİ SƏRVƏTİMİZDİR, MİLLİ SƏNƏTİMİZDİR!
PREZİDENT İLHAM ƏLIYEV

AŞIQ ƏDƏBİYYATI ANTOLOGİYASI” ÜÇCİLDLİYİ İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB

Fevralın 23-də “Xalq Bank”ın əsas binasında yerləşən bədii qalereyada ölkənin görkəmli elm və sənət xadimlərinin iştirakı ilə “Xalq əmanəti” layihəsi çərçivəsində hazırlanmış növbəti fundamental nəşrin –  üçcildlik “Aşıq ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirilib.

Toplantını giriş sözü ilə açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bankın xalqımıza yeni hədiyyəsi barədə məlumat verərək bildirib ki, tarixən, nənə-babalarımızın arzu və istəklərinin yüksək bədii söz və musiqi havaları ilə ifadəsini tapdığı aşıq ədəbiyyatımız dünənimizin bugünümüzə ən qiymətli əmanətlərindəndir. “Xalq Bank” bu əmanətə sahib çıxıb, onu sabahımız üçün də qorumaq missiyasını gerçəkləşdirib.
Akademik qeyd edib ki, sazın-sözün əzəli və əbədi missiyası da xalqın dilini, ruhunu yaşatmaq, arıdıb-durultmaq, onun tarixi-mənəvi kimliyini, yaşam tərzini, folklor dəyərlərini, fikir-düşüncə özünəməxsusluğunu, könül gözəlliklərini sirli-sehirli bir ecazkarlıqla sabahlara daşımaq olmuşdur. Yüzilliklərdən daşınıb gələn aşıq poeziyası Azərbaycanın tarixi coğrafiyasını, vətən xəritəsini doğru-dürüst əks etdirən ən mötəbər qaynaqdır. Bu mənada aşıq poeziyasının tarixi mənzərəsində həm də Azərbaycanımızın birliyi, bütövlüyü, ayrılmazlığı qərarlaşıb.
Nəhayət,  “Xalq Bank”ın nəşr edib oxuculara hədiyyə etdiyi dəyərli kitab və bədii albomlar sırasına üçcildlik “Aşıq ədəbiyyatı” antologiyası da əlavə olundu. Qədim və zəngin mədəni irsimizdə layiqli yeri olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildliyin birinci kitabı ən yaxşı poetik nümunələri, ikincisi cild qəhrəmanlıq və üçüncü toplu məhəbbət dastanlarını əhatə edir.
Antologiyanı tərtib edənlər Azərbaycan Aşıqlar birliyinin sədri, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlı (o həm də nəşrin elmi redaktorudur) və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, redaktoru Şəhla Tahirqızı, illüstrasiyaların müəllifi xalq rəssamı Arif Hüseynov, layihənin redaktoru Səlim Babullaoğlu, rəhbəri isə Rafiq Həşimovdur.
Nizami Cəfərov “Xalq Bank”ın mənəvi saxlancına bu dəfə aşıq ədəbiyyatımızın seçmə nümunələrindən ibarət üçcildlik möhtəşəm bir antologiyanı əlavə etməsinin vətəndaşlıq və yurdsevərlik işi olduğunu vurğulayıb, bu dəyərli layihəni ərsəyə gətirən yaradıcı heyətə və bankın rəhbərliyinə ölkə ziyalılarının və geniş oxucu auditoriyasının minnətdarlığını ifadə edib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı çıxışında bildirib ki, Azərbaycan xalqının mədəni irsinin sütunlarından olan aşıq yaradıcılığı incilərinin toplandığı üçcildlik aşıq poeziyası, qəhrəmanlıq və məhəbbət dastanlarını əhatə edir. “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri - “Aşıq ədəbiyyatı antologiyası” nüfuzlu alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Nəşr üç tematik cilddən (“Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları”, “Məhəbbət dastanları”) ibarətdir və aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunub. Topluda həm də müəllifi məlum olmayan əsərlər, geniş arxaik və əcnəbi sözlərin lüğəti öz əksini tapıb.
Ədəbiyyatşünas professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov, Əməkdar Mədəniyyət İşçiləri Aşıq Ulduz Sönməz və Aşıq Əhliman Rəhimov, nəşri illüstrasiyalarla bəzəmiş Xalq rəssamı Arif Hüseynov ədəbiyyat və incəsənətimizin klassikləşmiş nümayəndələrinin ən yaxşı əsərlərindən ibarət topluların, tarix və mədəniyyətimizə işıq salan fundamental nəşrlərin çağdaş nəsillərə çatdırılmasında “Xalq əmanəti” layihəsinin müstəsna rol oynadığını qeyd edərək bildiriblər ki, “Xalq Bank”ın son 8 ildə həyata keçirdiyi möhtəşəm işlər tarixi ənənənin yaşarlığının bariz nümunəsidir.
Çıxışlarda vurğulanıb ki, layihənin əvvəlki nəşrlər kimi, aşıq ədəbiyyatı antologiyasının da hazırlanıb çap olunması və yüksək səviyyədə təqdimatının təşkili ədəbi-mədəni həyatımızın məmnunluq doğuran hadisəsidir. Bununla da “Xalq Bank” təkcə xalqın maliyyə əmanətlərinin deyil, mənəvi dəyərlər əmanətinin də ən yaxşı saxlancı və hamisi olduğunu təkrar-təkrar sübut edir.
Qeyd edək ki, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, mərhum Xalq şairi Zəlimxan Yaqubun antologiyanın nəşrə hazırlığı gedişində aşıq sənəti ilə bağlı yazdığı “Dahilik, müdriklik və sadəlik” məqaləsi üçcildliyin “Aşıq poeziyası” cildinə daxil edilib. Aşıq sənətinin mahir bilicisinin aşağıdakı sözləri antologiyanın missiyasına gur işıq salır: “Aşıq yaradıcılığı ruhumuzun danışan dilidir. Bu dil aranın-yaylağın, gülün-çiçəyin, suyun-bulağın, çayın-çeşmənin, yerin-göyün, buludun-şimşəyin, gözəlliyin, sevginin-məhəbbətin, çərşənbə gününün dilində danışır, bizi də bu ruhda danışdırır, bu ruha kökləyir.”
 “Xalq əmanəti” layihəsinin xalqımıza bəxş etdiyi “Aşıq ədəbiyyatı” antologiyası şanlı dünənimizin şərəfinə yaradılmış mənəvi bir abidədir. Böyük oxucu kütləsi üçün nəzərdə tutulmuş bu abidə xalqımıza bir ərmağandır, əsl Xalq əmanətidir!